Son Yazılar

Açıq fikirli olmaq!

Hər şeyin bir səsi var. Siz eşitdiyiniz müddətcə, hər şey sizə bir şeylər əks etdirəcək. Qısacası, qulaq asmaqla əlaqəlidir. Dinləmədiyimiz müddətcə bir şey eşitməyimiz imkansızdır. Heç "hər şeyi" dinləməyi sınadınızmı? Zənn etmirəm. Ümumiyyətlə işimizə yarayan şeylərə qulaq asır, işimizə gəlməyənləri qulaq ardı edirik. Öz doğrularımızın xaricində olanlara şans vermirik çox vaxt. Məhz elə buna görə də "hər şeyi" eşidə bilmirik. Aramızda dinləyib duya bilənlərimizə də ya dəli deyirik, ya da filosof. Və çox təəssüf ki onlar dinləyib duyurlar və daha sonra bizə izah edirlər.
Bir şeyi anlaya bilmək üçün əvvəlcə başqa fikirlərə qarşı açıq olmaq lazımdır. Qarşımızdakını qəbul etmədən, özümüzə yaxınlaşdırmadığımız müddətcə heçnə qazana bilmərik. Hətta bəzən qarşımızdakının haqsız olduğunu bilirik və ona yerindəcə cavab vermək üçün tələsərik, öncə qarşı tərəfə bir şans verərək onu dinləməyi də bacarmalıyıq. Çox vaxt özüm də bu xətaya düşürəm tez tez. Daha sözü ağzında qoyub öz doğrumuzu ona əks etdirməyə çalışırıq. Ayrıca hərşeyin nisbi olduğu bir dünyada qarşı tərəfində haqlı ola biləcəyini unutmamalıyıq.
Hər hansı bir şeyi başqasına eşitdirmək və tanıtmaq kimi bir məqsədimiz varsa, öncə dinləməyi bacarmalıyıq. Ən pisi isə, yəqin ki dinləməyi rədd etməkdir. Yanlış düşüncələrdən dönmək və başqalarını döndürmək ancaq və ancaq açıq fikirli olmaqla mümkündür. 7-8 il öncə məni heç bir insan dindəki xurafatların yanlış olduğunu isbat edə bilməzdi. Çünki gözlərimi və qulaqlarımı bağlamışdım o fikirlərə. Əmin olun, açıq fikirli olmağınız sizi dəyişdirdiyi kimi ətrafınızı da dəyişdirəcək...