Son Yazılar

Azərbaycanın Unudulmuş Tarixi

Tarixçi əl-Vəssaf yazırdı ki, Elxani hökmdarı Arqunun əslən yəhudi olan vəziri Sədəddövlə xana məsləhət görmüşdü ki, İslam və Buddizmin qarışığı bir din yaradıb Çingiz xanı peyğəmbər, özünü isə onun davamçısı elan etsin; Məkkəni ələ keçirib Kəbənin yerində paqoda ucaltsın. Arqun bunu etməsə də artıq babası Hülakü və atası Abaqa xanın dövrlərində Van gölünün şimal-şərqində Labnasaqut adlı buddist məbədləri ucaldılmışdı.
İkinci məbəd isə 80 kənddən ibarət olan Xoy vilayətində ucaldıldı. Bölgə şirin üzüm və "Peyğəmbəri" cinsindən armudları ilə məşhur idi. Həmdullah Müstövfi Qəzvininin Nüzhətül Qülub kitabında yazdığına görə həmin bölgəyə Uyğurstandan çoxlu adam köçdüyünə görə "Türk ölkəsi" deyirdilər. Bu insanlar zahirən çox gözəl idilər.
Başqa bir məbəd isə Marağada, Rəsədxana yaxınlığında yerləşirdi. Həmdullah Qəzvini Marağanın da "gözəl dərili" türk əhalisi olduğundan bəhs edirdi. Çox güman həmin bölgənin Mərkəzi Asiyadan köçmüş buddist türk əhalisinə işarə vururdu. Təxti Süleymanda Abaqa xan tərəfindən bir məbəd tikdirilmişdi.
Arqun xan öz növbəsində iki məbəd də tikdirdi - biri Van gölünün şimalında Aladağ adını verdiyi sarayda, biri də Arquniyyə (daha sonra Sultaniyyə) adlanacaq yeni saldığı şəhərdə.

Tabeçiliyə böyük cəhdlər.

Qazan xan müsəlman olduğu dövrlərdə Buddizmi İslama tabe etməyə bəzi cəhdlər oldu. Rəşidəddin yazırdı ki, Məkkə və Mədinə əhalisi İslamdan əvvəl buddist olub; Çingiz xan özü Nuhun oğlu Yafəsin nəslindən idi; Herodotun dediyi Amazon qadınları buddist olub, Həbəşistanda buddistlər yaşayır və s. Rəşidəddin bununla həm də Monqol xanlarını qul kökündən olan Misir məmlüklərindən üstün tutmağa çalışırdı. Mövlanə Cəlaləddin Rumi də Məkkəyə və Buddaya gedən yolun eyni olmasından danışırdı. Bununla belə Qazanın İslamı qəbul etməsi Azərbaycanda da buddizmə son qoydu - məbədlər dağıdıldı, buddistlər sürgün edildi. (c) Cavid Ağa

Hiç yorum yok