Son Yazılar

Baha Tevfik - Türkiyənin ilk araxisti

anarxistBaha Tevfik (1884-1914) — Osmanlının ilk türk fərdiyyətçi (individualist) anarxisti.
Məşhur yazar Ömər Seyfəddinin fransızca müəllimi olub. Rəhbəri İttihadi məktəbində fəlsəfə dərsi deyib. 1913-cü ildə Fəlsəfə Məcmuası adlanan ilk türk fəlsəfə jurnalını yayımlamağa başlayır.
Türk cəmiyyətindəki hər şeyin radikal olaraq dəyişdirilməsinə inanan Baha Tevfik millətçiyə qarşı olduğu üçün Ziya Göyalpa, ədəbiyyatın mənasız olduğunu düşündüyü üçün yazar Əhməd Haşimə hücum etmişdi. Demək olar ki, Türk intellektuallarının hamısı ilə "davalı" olub.
Materialist fərdiyyətçiliyin tərəfdarı idi. Dini əxlaqın korşaldığını, türk mentalitetinin boş olduğunu deyir, humanist əxlaqın tərəfində dayanırdı. O deyirdi ki, əxlaqı insanlar yaradıb, onun kökünü göydə axtarmaq lazım deyil - vətən və millət pafoslu ifadələrdir, sənət və ədəbiyyat zərərlidir, əfv etmək və alicənab olmaq boş şeydir.

Fridrix Nitsşe, Luiz Büxner, Ernst Hekeli tərcümə etdi

Cəmi 6-7 il yazarlıq etsə də Fridrix Nitsşe, Luiz Büxner, Ernst Hekel kimi yazarları dayanmadan tərcümə etdi. 20 qəzet və jurnalda işləmiş, 17 kitab yazmış və tərcümə etmişdir. Bunların biri tamamilə Nitsşenin həyatına həsr olunmuşdu.
Baha Tevfik müdafiə edirdi ki, fərd ancaq yaşadığı cəmiyyətin fikir və dəyərlərinə hücum edərsə azadlaşa bilər: "Bu anarxizm hazırda başlanğıc halında olan üsulsuz, qanunsuz bir anarxizm deyil, təbiətə və təbiiliyə uyğun elmi və həqiqi bir anarxizmdir. Gələcəyin anarxistliyi öz əsl halını tapanda yıxıcı yox, əksinə qurucu olacaqdır."
Baha Tevfik həm də ateist idi. İnkişafın tək yolunu Osmanlı dəyərlərindən uzaqlaşmaqda görürdü. Rıza Tevfik və Əhməd Hilmi kimi filosoflara lağ edirdi ki, əslində fəlsəfənin nə olduğunu bilmirlər - çünki nə Kant, nə də Nitsşe oxuyublar.
Baba Tevfik öz həmdövrlərindən fərqli olaraq sosialist anarxist deyildi. "Fəlsəfəyi Fərd" kitabında yazdığına görə pul qazanmağın tərəfdarı idi. Bununla bərabər iqtisadi vəziyyəti pis olan, kasıb insanın "işlər qaydasındadır" deməyini "bu fəlakətə alışmışam" ifadəsi kimi qəbul edir, kasıbların evlənərək qadını və uşağını da bu həyata məcbur etməyini anlaya bilmirdi. Bundan əlavə Baha Tevfikə görə türklər ailə qura bilməzdi. Ənənəvi Osmanlı ailəsində uşaq gələcək üçün yetişdirilən bir qul, qadın evə həbs olunmuş bir məhbus, kişi isə gündəlik qayğılardan qaçıb ailəyə sığınan, bir günlük kral olan bir səfil idi.
Osmanlının ən proqressiv insanlarından olan Baha Tevfik cəmi 30 yaşında apendisiti partladığına görə vəfat etdi. (c) Cavid Ağa

Hiç yorum yok