Son Yazılar

Öyrənmə Fəlsəfəsi bizə nə verir?

Təhsil aldığım öz dönəmimdən söz açmaq istəyirəm biraz. Valideynlərimiz uşaqlarına minimum 9-11 illik məcburi təhsil verir. Təhsilin ən böyük məqsədi olan "öyrənmə" alışqanlığını öyrətmir çox təəssüf ki. Universitet illərini də buna qatsaq ən az 16 il təhsil alan cahillər ordusu yetişdiririk. Məktəb, Universitet bitincə unutmaq istədiyimiz o qədər bilgilər, nifrət edilən elm və əxlaqi davranışları belə qazana bilməmiş şagirdlər bunun əyani sübutudur. Universitet məzunu tələbələrin dünyadan xəbərdar olmaması, ətrafındakı insanlara və cəmiyyətə qarşı məsuliyyətsiz, laqeyd olması, yaşadığı yeri, cəmiyyəti tanımaq istəməməsi də bunun son nəticəsidir. Təhsilimizin klassik problemlərinə diqqət çəkərkən, əslində bunun həllinin çox bəsit olmasını da söyləmək istəyirəm. Kurikulum təlaşı içindəki akademisyenləri, müəllimləri görəndə çox narahat oluram. Zənnimcə, uşaqlara (şagirdlərə, tələbələrə) fəlsəfəni, öyrənmə fəlsəfəsini öyrətməliyik. Adı bəlkə fəlsəfə olmaya bilər, Amma bir şəkildə "öyrənmə, araşdırma" alışqanlığını öyrətməliyik və buna fokuslanmaq lazımdır. Çünki, fəlsəfə həyatımız boyunca bizimlə qalacaq yaşam şəklidir və təhsilə də nümunə ola bilər. Fəlsəfənin hədəfləri təhsilə eynilə bənzəyir. İkisi də maraq dairəsini genişləndirməyi təməl alıb. 16 il boyunca təhsildən nifrət edən uşaqları sadəcə fəlsəfə ilə geri qazana bilərik. 16 ilimizi dəftərlərimizə həbs etməkdənsə həyata yönəlik bir maraq oyandırmaq üçün istifadə edə bilərik. Cəmiyyətlərin fərdlərdən gözlədiyi ən böyük gözlənti, öyrənməkdir. Öyrənməyi bilən vətəndaş doğrunu yanlışdan ayıra biləcəkdir. Öyrənməyi bilən vətəndaş ailəsinə yük olmayacaqdır. Öyrənməyi bilən vətəndaş ÖLKƏSİNİN idarəetməsində söz sahibi olan vətəndaşdır. Ailədə başlayan və təhsil ocaqlarında sistemli hala gələ bilən "ÖYRƏNMƏ" alışqanlığı gələcəyin qarantıdır.
Qeyd: Burdan onu da qeyd etmək istəyirəm ki, təhsil aldığım müddət ərzində bircə məktəb qurtarsaydı canım qurtarardı düşüncəsində olmuşam. Səbəbi əslində bəsitdir, sadəcə əzbərləyirdik, Sadəcə qiymət almaq üçün oxuyurduq. Öyrənmə alışqalığımız yox idi. Sadəcə məktəb qurtarsın deyə öyrənirdik. Məncə bunu dəyişdirmək lazımdır. Öyrənməyi bilən və alışqanlıq halına gətirən bir vətəndaş cəmiyyəti qurmalıyıq. Tək çıxış yolu budur! Təhsil, Təhsil yenə də Təhsil!