Son Yazılar

Oxu, oxu hara qədər axı?

İnsanoğlu başlı başına dəlidir. Hər tərəfdən qəzəb, nifrət, savaş. terror xəbərləri gəlir. Azadlıq istəyən başqasını məhkum edir. Ədalət istəyənlər başqasının haqqını yeyir. Səsini daha çox adam çatdırmaq istəyən başqasının səsini kəsir. Mərhəmət istəyənlərin ətrafında daha da möhtacları var. Ölkələr bir oyun üçün qurban gedir. Bir heyvan sırf əyləncə olsun deyə öldürülür. Bir qadın namus üstündə öldürülür, namussuzlar tərəfindən. Əxlaq qəyyumlarının özləri əxlaqsız. Yəni insanoğlunun idarə etdiyi bu dünya çox qəribədir. Modern dünyada informasiya çoxluğu var və insan gördüyümüz qədərilə buna hazır deyilmiş. Bəzən insansız bir dünya düşünürəm. Sanki dünya dağıyla daşıyla biz insanlardan daha əxlaqlıdır.
Bu dünyanı biz insanların da idarə etməsi ayrı bir dərd. Həm utanılacaq şəkildə pis şeylərə meylimiz var, həm də bu idarəetmədə yaxşıya yox pisə doğru gedirik. Bütün dinlərdə qiyamətin olması sizcə də təsadüfdür? İşin içində həqiqətə qiyamət varsa demək ki pis doğru gedəcəyik ki, qiyamət olacaq. Pis əməllər, haqsızlıq, əxlaqsızlıq qiyamətin hazırlayıcısıdır. Durduq yerə bu beynimizə yerləşməyib. İnsan nə edərsə qarşısına çıxar.
İnsanoğlu doyumsuzdur. İndi sizə desəm ki inkişafı dayandıraq, bu irəliləyişlər bizim xeyrimizə deyil. Dəli deyib adamı yeddi kəndən qovarlar. Bir şirkətin durmadan böyüməsinin yetərsizliyi, insanların da durmadan daha çoxunu istəməsi kifayət etməyəcək.
Milyarder olmaq istəməyən çox azdır. Əslində varlı olmaq cəmiyyətin digər fərdlərindən seçildiyinə görə, bu şəxslərin əsl istəyi özündən zəifləri əzməkdir. Çünki zənginlik bir insanın tək başına yaşayacağı bir şey deyil. Zənginlik, güc və şöhrət istəkləri başqalarına hakim olmaq istəyən insanın davranışıdır. Bir insan qeyri-adi güclərə sahib olsa və onunla kifayətlənməyi bilməsə xoşbəxt olması mümkün deyil. İnsanlar kifayətlənməyi bilmədikləri üçün insanlıq gedərək böyüyür və bünövrəsi olmayan dəyərlər dünyanın sonunu gətirir. Müdafiə etdiyimiz dəyərlər prinsiplərimizə əsaslanmır, məqsədlərimiz qoyduğumuz təməllə uzlaşmır, istehlak etdiklərimiz də qaynaqlarımızı qat-qat aşmaqdadır.
Əlqərəz insanlığın axırı heç yaxşıya getmir. Bunu ölkəmizdə çox rahat şəkildə görə bilərik. Ölkəmiz insanlıq fəlsəfəsi üçün bir nemətdir. İnsanoğlunun yaxşıya doğru getdiyini sadəcə nəfsi doymaq bilməyən "istehlakçılar" deyə bilər. Kapitalist bir sistemdə insanoğlu yox olmağa məhkumdur. Çünki aradakı balans çoxdan yox olub. İnsanoğlu ilk yaradılışdan ölməyi rədd edir. Qorxayın! Çünki sonumuz mərhələli şəkildə yox, bir göz qırpımında olacaq.
P.S: İndi deyəcəksiniz bu nə yazıdır? Sizə tək tövsiyəm nə qədər ki gücünüz var bu Facebook-u tərk edin. Azərbaycanda facebook xəstəlik yayan bir virusdur. Sağalmır.