Son Yazılar

Ölkəmin Halı

Uzun zamandır öz düşüncələrimi silsilə şəklində uzun mətnlər halında paylaşıram. Bütün bunları da xüsusilə ölkəmizi ələ alaraq yazıram. Özümüzdən daha çox nümunələr gətirirəm. Təəssüflər olsun ki “özünü dərk” və “fəlsəfənin” dəyər görmədiyi bir coğrafiyada yaşayırıq. Ölkəmizin bu halda olmasını da nəzərə almaq məcburiyyətindəyəm. Burada, Azərbaycanda dünyaya göz açaraq bir problemlə qarşılaşırıqsa bu problem həll etməliyik. Vətən bizim bədənimizdən bir parçadır, onun problemlərini həll edib digər problemlərə keçmək bizə daha sağlam həyat bəxş edəcək.


Böyük Azərbaycandan əldə qalan son parçayıq. İtirə itirə bir balaca qalmışıq. İllər boyu gücümüzü ədəbiyyatımızdan, fəlsəfəmizdən, idarəetmə şəklimizdən və güclü ordumuzdan almışdıq. Teymurilər, Monqollar və Britaniya kimi zamanın ən güclü dövlətləri belə bu torpaqlarda qalmağı bacarmadı. Amma gördüyünüz kimi biz yenə də bu coğrafiya varıq və var olacağıq. Ta ötədən bəri Türklər sadəcə dünya dövləti qurduqları zaman uğurlu nəticələr əldə etmişdilər. Başqa cür irqçi və öz mənfəətinə düşkün iqtidarlar qurmağa başlayanda böyümək əvəzinə yox olamağa məhkum olduq.


Azərbaycan artıq kiçik bir ölkədir, çünki tarixinə baxıldığında cılız həvəslərinə qurban getmişdir. Zamanında fərqliliklərimizi qəbul edərək böyümüşdük bu coğrafiyada. Elə ki hər hansı bir dini inanca, bir fikrə, düşüncəyə və ya şəxsə lazımından çox bağlandığımız anda kiçilməyə başladıq. Çünki bir şeyə kor-koranə bağlılıq haqsız da olsa ona tərəf çıxmaqla nəticələnir. Bu gün yaşadıqlarımız kimi.

Biz kiçilməyə başladığımız ərəfədə qərbdə ortaya çıxan rəqabət, xüsusi təşəbbüs və bunun nəticəsi olaraq enerji qaynaqlarının istifadəsi cəmiyyətlər arası fərqləri açdı. Enerji dəyişdiyi kimi, insanların idarəetməsi dəyişdi. Korporativləşmə geniş kütlələrə yayılmağa başladı. Biz isə ən raqəbətçi təşkilatlanma şəkli olan kapitalist şirkətləşmədə yetərli olmadıq. Dövlətin yerini özəl təşəbbüslərlə əvəzləməyə heç cürə inteqrasiya edə bilmədik. Əsrlərdir üstümüzə çökmüş mentalitet yükünü atmaq istəmədik çünki.

Savaşlarda məğlub olma riskini görəndə də qatarı yarı yolda tutmağa çalışdıq, amma bu dəfə də çox gec qaldıq. Bu gecikmənin nəticəsi olaraq qərbə olan inteqrasiyamız “zibil günündə” oldu. Çünki keçmişlə olan bağlarımızdan qopa bilmirik heç cürə. Və bunun nəticəsi olaraq cəmiyyətin ortaq şəkildə hərəkət etmə şüuru da yox oldu. Bu insanlara, cəmiyyətə bağlılığı olmayan fərdlər zərər verməyə başladılar. 100 il öncə qurduğumuz demokratiyamız zamanla xalqı yox özlərini düşünməyə başladı. Partiyaçı olduq. Partiyaçı olaraq da daima yanlışın tərəfdarı olduq. Partiyanı müdafiə etmək markalaşmaq idi əslində. Hər kəsin səhvlər edə biləcəyini söyləmək əvəzinə özümüzdən olanların səhvlərini doğru olaraq yansıtdıq. Doğruları seçmək əvəzinə özümüzü aldatmağı seçdik. Bu haqda keçən həftə “Özünü Aldadanlar Ölkəsi” adlı yazı da yazmışdım.

Uğurlar ətraf mühitə görə müəyyən edilir. Qərb yeni bir ideya ortaya atdı, dünyanı da bu ideya ətrafında toplamağa məcbur buraxdı. Biz əslində geriləmədik. Sadəcə onların öz daxilindəki yarış bizi onlardan geri qoydu. Bu günki utancımız yarışa qatılamağa zəhmət etməməkdən, bir tikə çörəyimi yedim bəsimdir deyib oturmaqdan qaynaqlanır. Başını aşağı salıb dayanmanın günah olduğu bir dünyada artıq bir tikə qazandım bəsimdir deyənlər ölməyə başladılar.

Bu gün ölkələrin bir qismi öz keçmişini itirib qərbli oldular, digərləri də onlardan geri qaldı. Azərbaycan şərqdə, qərbə inteqrasiyanı ilk yoxlayan cəmiyyət olaraq 1918-ci ildə tarix yazdı. Buna baxmayaraq şərq ölkələri içində qərbin dəyərlərini ilk qazanmağa çalışan və bunu ən uzun müddətdir bacara bilməyən bir cəmiyyətimiz var. Hələ də modernləşmə adı ilə yüz ildir qərbdə nəyin əksik olduğunu axtarırıq. Lazım olanları alacağımıza vaxt itiriə itirə gedirik. Coğrafi olaraq bəlkə gündəlik həyat tərzimiz üst üstə düşməyə bilər, amma idarəetmə olaraq çox şey qazana bilərdik bu illər boyunca. Bir şeyi qəbul etmədən onu sağaltmaq və təkmilləşdirmək mümkün deyil. Rədd etmək acı xatirələrmiziə göz yummaqdır sadəcə. Əgər birini dəyişdirmək istəyiriksə ona qapıları əsla bağlamamalıyıq. Birlik olmalı, yəni onun düşüncəsinin də doğru olduğunu görməliyik. Qarşımızdakının dəyişiklik qapılarının daim açıq qalmasına çalışmalıyıq. Kimsə tam olaraq haqlı deyil. Hər kəs xəta edər və buna görə də hərkəsin ikinci bir şansı olmalıdır. Bir amal uğrunda çalışmaq bizi var edər. Birlik olmaq hər kəsin eyni düşüncədə olması demək deyil. Birlik olmaq eyni şeyi müdafiə edəcəyimiz mənasına da gəlmir. Fərqliliklərin qəbul edilməsi və tək vücud olmağın sahiblənilməsidir. Diqtə etməklə birlik olmaz, çox səslilik təbiidir və bunun qəbul edilməsiylə birgə bu vücud eyni istiqamətdə sağlam addımlar ata bilər. Bu minvalla ölkəmizdə ayrı seçkilik qoymadan hərkəsi tək vücud olmaq üçün sıralarımıza qəbul etməliyik.

Düşmənçiliyin son yoxdur. Düşmən axtaran bir düşüncəylə cəmiyyət dəmir çitlər, divarlar və təhlükəsizlik kamerları ardında məhkum olur. İnsanımız özünə güvənməli, fərqliliklərdən qorxmamalıdır. Pis alışqanlıqları özümüzdən bərtəraf etməliyik.

Mədəniyyətin, fəlsəfənin və inancın çıxdığı bu torpaqların insanında zəka və bacarıq fışqırır. Tək əksiyimiz isə yaxşılıqdır. Enerjimiz çox, ancaq bunu yaxşılıq üçün istifadə etmirik təəssüf ki. Gözəl olan şeylərə həyatımızda çox az yer veririk. Tək sözlə dürüst insan qıtlığımız var. Yalanlar bizi geri götürür. Özümüzə olan inamsızlığı və bir birimizi aldatmağı bir kənara qoyub səmimi münasibətlər qurmalıyıq.


Öz içimizdə qəbullanmağı reallaşdırdıqdan sonra bəlkə dünya siyasətinin təcrid etdiyi fağır insanlara gözəl bir həyat bəxş edə bilərik. 

Hiç yorum yok