Son Yazılar

Təhsil Çarədirmi?


Yazılarımda çox zaman keçmişlə olan bağlarımızın qopuqluğundan, insanlıq deyərkən “özünə indekslənmiş” düşüncə tərzinin yanlışlığından bəhs edirəm. İnsanın kommunikasiya problemi olan mədəniyyətin ötürülməsini “TƏHSİLLƏ” həlli başlıca həll yolu olaraq görünür. Cəmiyyətdəki bir çox xətanın təhsillə yoluna qoyulması mümkündür. Ancaq səhv dizayn olunmuş bir sistemdə doğru bir təhsil dizayn etmək mümkün deyil. Pis idarə edənlərin təhsili də pis olur. Çox təəssüf ki təhsil ocaqlarında uşaqlara öz cəhalətimizi təkrarlatmağın xaricində bir şey öyrədə bilmirik. Böyüklərə isə təhsil verilməsini absurd görərək onsuz da bir axmaqlığa imza atmışıq.

Təhsil çarədir, Bəli!. Amma hansı təhsil? Təhsil haqqındakı qavramlarımız tamamən yanlışdır məncə. Təhsil bineyi qədimdən sosial təcrüəblərin ötürülməsi ikən günümüzdə özünü itirmiş insanlığı əyləndirmə fəaliyyətinə dönüşüb. Əvvəla onu deyim ki “TƏHSİL” bir yarış fəaliyyəti deyil. Qohum-əqraba öz aralarındakı yarışa övladlarını alət edib 100 hoqqadan çıxması isə heç deyil. Çağımızın ən böyük problemi olan hər sahədə yarş və əylənmə marağı təhsilə də təəssüf ki sirayət edib. İnsan dünyaya yarışmaq üçün gəlməyib, insanın şəxsiyyətini də rəqəmlər təyin etməməlidir.

Elmə əlçatanlığın bu qədər asan olduğu dövrdə məktəblərin bu qədər iyrənc idarə olunması da ayrı bir dərddir. Elm adı ilə kitablara soxuşdurulan məlumatların uşaqlara əzbərlədilməsi və müəllimlərin papuqaylıqdan başqa bir peşə halına gəlməməsi də ölkəmizin ən böyük problemlərindən biridir. Məncə, məktəblər məlumat verməməli, yöntəm aşılamalıdır.

Tarix, Coğrafiya, Ədəbiyyat kitablarında lazımsız materialların çoxluğu uşaqlara əlav yük olaraq yüklənir, sevməsi lazım ikən bu sahələrə olan maraqlar itir. Və həyata lazımından erkən yaşda atılmağa yönəlirlər. Daha uşaqlıqlarını doyunca yaşamadan tarix kitablarında 1-ci Yelizavetanın, Napoleonun savaşlarına şərik olurlar. Halbuki regional tarixi məlumatların Azərbaycanlılar üçün heç bir faydası yoxdur. Bəzən qərb ölkələrində sorğu keçirirlər Azərbaycanı tanıyırsınızmı? Onların bir çoxu da SSRİ-də belə bir ölkə var idi kimi cavablar verirlər. Çünki onlara tarixdə özlərinə aid olmayan tarixi ötəri şəkildə öyrədirlər məktəblərdə. Tarixi, Coğrafiyanı öyrənmək istəyənlər Universitet illərində daha təfsilatlı şəkildə öyrənirlər.

Zənnimcə, təhsil ən yaxşı vaxtlarını tarix öncəsi dönəmlərdə yaşamışdır. Uşaqlarına ovlanmağı və tonqal qalamağı öyrədən ovçu-toplayıcı atalar bu işi ən doğru edənlərdir. Uşaqları bilgi ilə bəsləmək lazımdır, ancaq bu sadəcə həyatlarını davam edəcək qədər olmalıdır. Əsas məqsəd onlara mübarizə aparmağı, düşünməyi və bilgiyə necə yiyələnmək lazım olduğunu öyrətməkdir.

İbtidai deyə məzələndiyimiz ovçu-toplayıcı atalarımız qədər ola bilmirik. Təhsilin sadəcə uşaqlara xas bir davranış olduğunu düşünərək də ayrı bir qələt edirik. Ölkəmizdə Məktəbi və Universiteti bitirmiş bir çox insan tanıyıram ki artıq hər şeyi bildiyini iddia edir. Və övladına yanlışları o qədər məharətlə soxuşdurur ki, adamın ağzı məəəttəl qalır. İnsan hər yaşda hər an öyrənir, dünya ilə bağ qurur. Məktəbdən kənardakı təhsilin göz ardı edilməsi də çağımızın yanlış dizayn edildiyinin göstəricisidir. Çünki bizlər də bu təhsil sisteminin yetişdirdiyi bir məhsuluq. Çağdaş zamanların bilgiyə bu qədər asan əlçatan insanına rəhbərlik edəcək, sadəcə uşaqları deyil bütün cəmiyyəti düşünməyə sövq edəcək bir rəhbərlik anlayışı dizayn edilməlidir.

Bizim kimi ən başdan və məcburi şəkildə oxumağa məcbur edilmiş cəmiyyətlərdə məktəblər yetkin insanların təhsili ilə dəstəklənmirsə bir işə yaramayacaq. Təhsilin cəmiyyətimizin səhvlərinə çarə olduğunu söyləyə bilərsiniz, ancaq mövcud halı ilə enerji itirməkdən başqa bir şey deyil. Təhsilin sosial problemlərə çarə olması üçün cəmiyyətin ehtiyaclarına cavab verməsi şərtdir. Təhsil inkişaf etmiş cəmiyyətlərdə sərhədləri qaldırmaq və fərqlilikləri qəbul etmək ikən Azərbaycanda oxuma-yazma öyrətməkdən başqa bir işə yaramır. Ayrıca kitablardakı bigliyə yox, yox olmağa doğru gedən insanoğlunun həyatta qalma bilgisinə fokuslanmalıdır.

Skandinav ölkələrindəki təhsil sisteminin son zamanlarda trenad halına gəlməsi və məktəb illərinin ilk iki ilində uşaqlara oyunlar oynadaraq məktəbə, elmə, bilgiyə sevgi yaratması bundan qaynaqlanır.

Təsəvvür edin bizim birinci sinifdə oxuyan övladlarımız məktəbəd 5-6 dərsə girir, müəllim evə 5-6 dərs ağırlığında material yükləyib valideynlərə yönləndirir. Və bu siyasi idarəetmə sistemində işləməyə məhkum olana valideyn yorğun halda övladına lazımı dəstəyi verə bilmir və uşaq arada itib batır. Çox az valideyn övladını yenidən hazırlığa qoyur və uşağın 24 saatının 10 saatı yatmağa 6 saatı məktəbə 3 saatı evdəki dərslərə, yerdə qalan 5 saat isə yeməyə, içməyə, əylənəcə və s.

Bilmirəm fikrimi nə qədər çatdıra bildim. Amma bir onu bilirəm ki Azərbaycanda verilən təhsil bizim sosial həyatımız üçün ÇARƏ deyil.



Hiç yorum yok