Son Yazılar

Özünü Aldadan Ölkə

Qalaktikanın uzaq və əhəmiyyətsiz yerindəki planetin mərkəzində bir ölkə varmış. Hər baxımdan ortalama bir ölkəymiş. Ancaq digər ölkələrdən daha yaxşı, savadlı, intellektual və üstün olduqlarını iddia edirlərmiş. Ətrafındakı ölkələr də buna çox sevinirmiş. Çünki, özünü bir dəfə aldatdınsa bunun ardı arxası kəsilmirmiş. İnkişafın önündəki ən böyük əngəlin özünü aldatmaq olduğu üçün bu ölkənin inkişafa da ehtiyacı yox imiş. Ətrafdakı hər kəs tədricən inkişaf etsə də, bu ölkə sadəcə yerində sayırmış. Əgər hədəfə çatdığını iddia edirsənsə, demək ki bir yerə getmirsən artıq. Çünki bunlar hədəflədikləri yerə çatdıqlarını iddia edirmişlər.

Bu ölkədə ən əskik şey, elə əskiklik imiş. Mükəmmək, karizmatik, yaraşıqlı, savadlı, intellektual olmayan insanı tapmaq imkansız imiş. Hər kəs bol kisədən şan şöhrətin havasını atırmış. Ən çox da uydurduqları şəxsiyyətləri başqalarına ithaf etməkdən xoşlanırmışlar. Hər kəs üstün bir mövqeyə sahib olduğu üçün hüquqdan bəhs etmək ayıbmış. Hüquq, yəni başqasının haqqı və fərqliliyi hörmətə layiq olmayınca insanlar absurdluğu belə ifadə edə bilməmişlər. Çox yüksək bir mədəniyyət olduqları tezisi ilə hərəkət edən bu vətəndaşların əllərinə düşən ilk fürsətdə ölkədən xaricə qaçması da ayrı bir dərd imiş.

Özünü aldatmanın yan təsirlərindən olan ədalətsizlik cəmiyyət olmağı da əngəlləmiş. Bu cəmiyyət çör-çöp misalı, ayaq üstə çox çətinliklə dururmuş. Adicə başqasının yol haqqına inanmayan bu vətəndaş, başqasının həyat tərzinə də qarışırmış. Fikirlərə, həyat tərzlərinə və əxlaqa sayqı göstərmək kimi şeylər sadəcə sosial şəbəkələrdə marka sözlər halına gəlibmiş. Hər şey çox super olduğu üçün çox vacib olan işlər üçün çox sayda insan varmış. Milyonlarca insanın qədəri ən üstün və ən bacarıqlı mənasına gələn, baldız, bacanaq, dayı oğlu, xalaoğlulara əmanət edilirmiş. Hər şeyin doğrusunu sadəcə bunlar bilirmiş. Özünü aldatmanın nəticəsi olaraq bir yerə layiq olmaqdan bəhs edilməz, əxlaq deyilən şeydən danışmaq günah sayılarmış.

Ana, ata, uşaq yalnızca bir fiqur halına gəlibmiş. Bərabərlik, ədalət, inam reklamlarda qarşılarına çıxmasa unudulmaq üzrəymiş. Çünki özünü belə aldadan, digərlərinə nələr edər siz düşünün?! Ailə müəssisəsi çökmək üzrə olduğu, cəmiyyətin formalaşdırdığı sistemdən açıq şəkildə görülürmüş. Qarşıda onları gözləyən fəlakətlər gözlə görüləcək şəkildə olsa da özünü aldatmaqda mahir olduqlarından dərs almaqdan da aciz imişlər. “Mən, mən, mən” deməkdən heç cürə əl çəkmirlərmiş.

Bu ölkənin insanları özünü aldatmanın yeni yollarını “böyük kəşf”, onları aldada bilənləri də qəhraman elan etməyə davam edirmişlər. Aldatmağı ən yaxşı bacaranı da ən başa keçiriblərmiş. Aldadanların təmsilçiləri də onları istədikləri kimi aldadırmış. Bütün özünü aldadan ölkələrdə olduğu kimi, bu ölkədə də sadəcə "Baş aldadan" dəyişirmiş.

Hiç yorum yok